Gözəl sözə əməl edənlərin qazancı

Onlar sözün ən gözəlinə və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər. (Həcc surəsi, 24)

Dünya həyatında möminlərə verilən müjdə
Gözəl sözə əməl etməyən insanların axirətdə təsvir olunmaz bir peşmançılıq yaşayacaqlarını və dünyaya yenidən geri qayıtmaq və söz eşidənlərdən olmaq üçün yalvaracaqlarını əvvəlki başlıq altında qeyd etdik. Gözəl sözə əməl edən, özlərinə verilən öyüdləri dinləyən və axirət üçün hazırlıq görən insanlar isə, bunun tam əksinə hər cür çatışmazlıq və səhvlərindən xilas olmuş halda Allahın icazəsi ilə əbədiyyən gözəl həyat yaşayacaqlar. Bütün həyatları boyu özlərinə verilən öyüdlərə qulaq asan, xəbərdar edildikləri mövzularda təvazökarlıqla təslimiyyət göstərən və qorxub-çəkinərək hərəkət edən möminlər, haqq-hesab günü gəlib çatdıqda da Allahın hüzuruna təmizlənmiş halda çıxacaqlar. Allah iman edənlərə bu müjdəni ayələrində belə bildirmişdir:

Tağuta ibadət etməkdən çəkinib Allaha səmimi şəkildə üz tutanlara müjdə vardır. Qullarımı müjdələ! O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Təmiz ağıl sahibləri də məhz onlardır. (Zumər surəsi, 17-18)

Allah başqa ayələrində də Özündən qorxub çəkinən qullarının o gün gəlib çatdıqda cənnət qapısında necə gözəl şəkildə qarşılanacaqlarını belə müjdələyir:

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş və təmiz gəldiniz! Əbədi qalmaq üçün buraya daxil olun!” Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” (Zumər surəsi, 73-74)

Şübhəsiz ki, bir insan üçün dünyada verilə biləcək ən böyük müjdələr; axirətdə əbədiyyən Allahın razı qaldığı bir qul olaraq ömür sürə biləcəyi, etdiyi gözəl davranışlarla qarşılıq görəcəyi və cənnətin qapısında mələklər tərəfindən gözəl sözlərlə qarşılanacağı müjdələridir. Gözəl sözə əməl edən insanlara dünyada verilən müjdələr bunlardır.
Ancaq müsəlmanlara yalnız axirətə dair müjdələr verilmir. Allah dininə uyan, ibadətlərini yerinə yetirən, hər an Özündən çəkinərək hərəkət edən və digər insanları da Quran əxlaqına dəvət edən qullarına dünyada da gözəl nemətlər vəd etmişdir. Əslində iman edənlər üçün vəd edilən əbədi gözəlliklər özlərinə hələ dünyada olarkən göstərilər. Cənnətə layiq əxlaqa nail olmaq üçün çalışan möminlər, özlərinə cənnəti tanıdacaq, cənnətə olan həsrətlərini və arzularını daha da artıracaq nemətlərin və mühitlərin bənzərini bu dünyada yaşamağa başlayarlar. Allah; "mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" (Nəhl surəsi, 97) ayəsiylə bunu müjdələmişdir. 
İtaətkar, təvazökar, yumşaq təbiətli və təslimiyyətli əxlaqına görə mömin, dünyadakı həyatı boyu kədər, sıxıntı və ya gərginlikdən də uzaq yaşayar. Allah qəlbinə rahatlıq və əmin-amanlıq duyğusu vermişdir. Eşitdiyi hər xəbərdarlığın, hər xatırlatmanın və ya hər dəvətin Rəbbimizdən gəldiyini düşündüyündən ötrü, Allah özünü daim xeyirlərlə qarşılaşdırar.
Dünyada sözün ən gözəlini mənimsəyən möminlər ölüm anında da inkarçıların əksinə, mələklər tərəfindən ən gözəl sözlərlə və müjdələrlə qarşılanacaq, canları gözəlliklə alınacaq və cənnət həyatları başlamış olacaq:

Belə ki, mələklər canlarını gözəl şəkildə alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!” (Nəhl surəsi, 32)

Bütün bunlar Allahın dünyada təslimiyyətli qullarına vəd etdikləridir. Şübhəsiz ki, cənnətdə yaşanacaq əbədi həyat, gözəl davranışlar edən və gözəl sözə əməl edən insanlara Allah tərəfindən veriləcək böyük mükafat olacaq.

Əbədi cənnət həyatı
Dünyada yaşadıqları müddət boyu cənnətə layiq ola bilmək üçün səy göstərən, əbədi cəhənnəm əzabına düçar olmaqdan qorxub çəkinən və Qurana uyan möminlər Allahın özlərinə vəd etdiyi mükafata sonunda qovuşacaqlar. Burada onlara, daha əvvəl heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi saysız nemətlər bəxş ediləcək (Ətraflı məlumat üçün baxın; Möminlərin əsl yurdu: Cənnət, Harun Yəhya). Hər şey əbədiyyən tam istədikləri kimi olacaq:

...Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur. (Şura surəsi, 22)

Öz Rəbbindən qorxanları ağacları altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. Bu, Allahdan bir ziyafətdir. Allahın yanında olan nemətlər yaxşı işlər görənlər üçün daha xeyirlidir. (Ali İmran surəsi, 198)

Təqva sahiblərinə vəd edilmiş Cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Təqva sahiblərinin aqibəti budur. İnkarçıların aqibəti isə Oddur. (Rad surəsi, 35)

Cənnətə girən möminlərin duyduqları ən böyük mənəvi həzz isə; "...Allahın razılığı isə ən böyükdür. Böyük nicat və xoşbəxtlik də budur" (Tövbə surəsi, 72) ayəsində də bildirildiyi kimi Allahın razılığıdır. Allahın özlərindən razı olduğunu, özlərini sevdiyini və əbədiyyən Uca Rəbbimiz olan Allahın dostu olacaqlarını bilmələridir. Allahın razılığını qazanmış olmaq insana heç bir maddi nemətlə müqayisə edilməyəcək qədər böyük sevinc və xoşbəxtlik bəxş edər. Necə ki, bu gözəl xasiyyətli insanların qarşılaşacaqları gözəl aqibət Quranda belə bildirilmişdir:

O gün ona deyiləcəkdir: “Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)