Gözəl sözə əməl etmək

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Təmiz ağıl sahibləri də məhz onlardır. (Zumər surəsi, 18)

 

Gözəl sözə ancaq Allaha və axirət gününə inananlar tabe olar

Dünyada yaşanan həyat, insanlardan hansının yaxşı, hansının isə pis əməllər işlədiyinin müəyyən olunması üçün Allah tərəfindən yaradılmış imtahan müddətidir. Bu müddət ərzində insanlar bir çox səhv və qüsurlu davranışlar edə bilərlər. İman edən insanların məqsədi bu səhvlərindən, qüsurlarından, çatışmazlıqlarından tezliklə xilas olaraq Allahın rizasını qazanmaq və cənnətə layiq əxlaqa nail olmaqdır.

Səmimi və vicdanlı insanlar hər cür çirkin əməldən və çatışmazlıqdan təmizlənməyi səmimi-qəlbdən istədikləri üçün özlərini Allaha yaxınlaşdıracaq hər öyüdə cani könüldən qulaq asarlar. Möminlər üçün gözəl sözə əməl etmək və ya etməmək seçim mövzusu deyil. Çünki bu seçim nəticəsində bir tərəfdə cənnət digər tərəfdə isə cəhənnəmlə nəticələnə biləcək əbədi həyatdan söhbət gedir. Bundan xəbərdar olan və Allahdan qorxan, axirətə qəti məlumatla iman edən möminlər sonsuz axirət həyatlarını təhlükə altına sala biləcək hər cür rəftar və sözdən şiddətlə çəkinər, axirət günündə özlərinə fayda verəcək bütün öyüd və xatırlatmalara dərhal uyarlar. Müsəlmanların bu xüsusiyyəti Quranda belə bildirilmişdir:

Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar. (Furqan surəsi, 73)

Özlərinə edilən xatırlatmalar və verilən öyüdlər qarşısında, qürur hissinə qapılmaq, təkkəbbürlənmək və bunlara qarşı çıxmaq inkarçılara məxsus rəftardır. Möminlər isə yuxarıdakı ayədə də bildirildiyi kimi, Allahın ayələri  xatırladıldığı zaman diqqətlə dinləyər və dərhal itaət edərlər. İman edən bir insan özünə çatan hər xatırlatmanın, özünü əbədi cəhənnəm əzabından qorumaq üçün edildiyini düşünərək ona tam təslimiyyətlə tabe olar. Möminlərin bu təslimiyyətlərini ifadə edən sözləri, Quranda belə xəbər verilmişdir:

Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!” deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşılıq edənlərlə bir yerdə al!
(Ali İmran surəsi, 193)

Ayədə açıq şəkildə görüldüyü kimi, əsla qürur hissinə qapılmadan özlərinə deyilən hər gözəl sözə əməl edənlər; səmimi və vicdanlı möminlərdir. Allah; "sən öyüd verib xatırlat! Çünki bu möminlərə fayda verir" (Zəriyət surəsi, 55) ayəsiylə də bu həqiqəti xəbər vermişdir. Öyüd və xatırlatmanın kimlərə fayda verib, kimlərin inkarını artıracağı başqa ayələrdə də belə bildirilir:

Öyüd və xatırlatmanın fayda verdiyini görsən, öyüd ver və xatırlat! Allahdan qorxanlar öyüd alıb düşünərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. O kimsə ki, Oda atılacaq, O orada nə öləcək, nə də yaşaya biləcəkdir. Təmizlənən kimsə isə uğur qazanmışdır. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır. (Əla surəsi, 9-15)

Naziat surəsində isə ancaq haqq-hesab günündən qorxan insanların xəbərdarlıqları dinləyəcəyi; "sən yalnız ondan qorxanı xəbərdar edənsən" (Naziat surəsi, 45) ayəsiylə bildirilmişdir. Buradan isə, möminlərin göstərdikləri təvazökar və təslimiyyətli rəftarın təməlində, Allaha və axirətə olan imanlarının dayandığını anlayırıq. Möminlər axirəti həyatlarının hər anında düşünər, orada ortaya çıxacaq bir səhvin insanı Allahın hüzurunda utandıracağını və faydası olmayan peşmançılığa sürükləyəcəyini unutmazlar. Quran ayələrindən cəhənnəm əzabının şiddətini öyrəndikləri üçün Allahın rizasına uyğun gəlməyəcək, Onun əzabına səbəb olacaq hər rəftardan uzaqlaşar, xəta və çatışmazlıqlardan qurtulmaq istəyərlər. Allahın Quranda bildirdiyi mömin əxlaqını ən gözəl və ən əskiksiz şəkildə yaşaya bilmək üçün misli görünməmiş şövqlə səy göstərirlər. Allah bir ayəsində, bu şövqlə özlərinə verilən hər öyüd barəsində düşünən və gözəl sözə dərhal iman gətirən möminləri təmiz ağıl sahibləri olaraq xarakterizə etmişdir:

O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Təmiz ağıl sahibləri də məhz onlardır. (Zumər surəsi, 18)

Ayədən də görüldüyü kimi, möminlərin ən bariz xüsusiyyətlərindən biri, haqqı gördükləri anda dərhal ona yönəlmələridir. Şübhəsiz ki, bu, edilən öyüd və xatırlatma qarşısında verilə biləcək ən gözəl reaksiyadır. Saleh möminlər də peyğəmbərlərin çağırışlarına dərhal cavab vermiş və bu rəftarlarıyla nümunə olmuşdurlar.

Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə mömin qadınlar Allahın örtünmə mövzusundakı əmrini böyük şövq və istəklə qarşılamış və dərhal itaət etmişdilər. Örtünməklə əlaqədar ayələrin endiyi dövrdə müsəlman qadınların gözəl rəftarlarıyla əlaqədar bunlar rəvayət edilir:


Hz. Aişə (r.ə)-dən belə rəvayət edilmişdir: "Örtüklərini yaxalarının üstünə salsınlar" ayəsini nazil etdikdən sonra bürüncəklərini cıraraq onunla örtünmüşdürlər". (İbn-i Kesir, Hadislerle Kuran-ı Kerim Tefsiri, XI cild, səh. 5880)


Onlardan sonra gələn müsəlman qadınlar da eyni şövq və qətiyyətlə bu əmri yerinə yetirmişdirlər. Özünə xatırladılanlar barəsində düşünən və təslimiyyət göstərən insanın bu rəftarının bariz üstünlük olduğunu Allah; "Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? Ancaq təmiz ağıl sahibləri öyüd alıb düşünərlər" (Rad surəsi, 19) ayəsiylə də xəbər vermişdir. Ayədən aydın olduğu kimi, haqqı görüb öyüd ala bilən insanlar görə bilən kəslərdir, doğrunu görə bilməyənlər isə korlar kimi xarakterizə edilmişdir. Şübhəsiz ki, görə bilən insan olmaq olduğu halda (mənəvi cəhətdən) kor olanlardan olmağı heç kim istəməz.

Buna görə də, vicdanlı bir insan üçün, xətasının ona dünyada olarkən bildirilməsi və üstəlik bunun Allahın ayələriylə danışan və öyüd verən mömin tərəfindən edilməsi çox böyük nemətdir. Vicdanlı insan bunun müqabilində heç bir bəhanə irəli sürməz və ya nəfsini təmizə çıxartmağa çalışmaz. Çünki; "...Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, var gücüylə nəfs adama pis işləri əmr edər..." (Yusif surəsi, 53) ayəsində bildirildiyi kimi, nəfsinin təmizlənməyi istəməyəcəyindən xəbərdardır.

Gündəlik həyatda insanlar bu mövzuyla əlaqədar bir çox nümunə ilə qarşılaşarlar. Məsələn, bir insan səhvə yol verərək, bir hadisədə qarşısındakı insana sərt və incidici rəftar göstərə bilər və yanındakı bir mömin ona bu rəftarının gözəl olmadığını, istənilən halda gözəl rəftar göstərməsinin Allahın əmri olduğunu xatırlada bilər. Bu vəziyyətdə nəfs araya girib, öyüd verilən insana əslində göstərdiyi rəftarın doğru olduğunu söyləyə bilər və ya buna bənzər təlqinlər verə bilər. Belə vəziyyətdə Allaha iman edən bir insan, nəfsinin bu xüsusiyyətini bildiyi üçün onun irəli sürdüyü bəhanələrin heç birinə qulaq asmaz. Daim vicdanına müraciət edərək haqqı görər və ona əməl edər. Hətta özü belə haqlı olsa, nəfsini müdafiə etməz, onu qorumağa çalışmaz. Göstərdiyi rəftarın olduqca gözəl, olduqca mükəmməl varinatı olduğunu düşünər və növbəti dəfə daha yaxşısını göstərməyə niyyət edər. İman edən bir insan, axirətdə nəfsin irəli sürdüyü bəhanələrin heç bir əsası olmayacağını; daim nəfsi bir kənara qoyaraq, verilən gözəl öyüdə qulaq asmağın fayda verəcəyini çox yaxşı bilər. Çünki haqq-hesab günü Quranda bildirildiyi kimi; "zalımlara bəhanələrinin heç bir fayda verməyəcəyi gündür" (Mümin surəsi, 52).

Möminlər bu sayədə, yəni haqq-hesab günündən qorxub bir-birlərinin sözünə iman gətirmələri sayəsində, hər mövzuda həm bir-birlərinin çatışmazlıqlarını tamamlayar, həm də çox böyük sürətlə inkişaf edərlər, mükəmməl əxlaq və rəftara doğru yol qət edərlər. Bir möminin görmədiyini digəri görər və tamamlayar. Ən əhəmiyyətlisi isə, heç bir möminin özünə xatırladılan mövzularda ən kiçik müqavimət göstərməməsidir. Quranda bildirildiyi kimi möminlər; "...etdikləri (pis əməllərdə) bilə-bilə israr etməzlər" (Ali İmran surəsi, 135).

İman edən insan özünə öyüd verildikdə, cahil insanlarda görülən qürur kimi nəfsdən qaynaqlanan maneələrin araya girməsinə imkan verməz. Yaxşı əməllər işləməyi əmr edən və buna uyan insanlar, Allahın rizasını axtardıqları, Ondan qorxub çəkindikləri üçün tərəddüd etmədən gözəl söz qarşısında təslimiyyət göstərərlər. Bu üstün əxlaq, Allahın yalnız təvazökar, yumşaq təbiətli, itaətkar əxlaqa sahib mömin qullarına nəsib etdiyi bir nemətdir. Möminlər də bu qarşılıqlı dostluq və qardaşlığın, təvazökarlıq və səmimiyyətin gətirdiyi nemətlərdən sonuna qədər faydalanarlar.

Həmçinin bunu da ifadə etməliyik ki, möminlər bir-birlərinə yalnız xəta etdikləri vaxt və ya çatışmayan cəhətləri barədə xatırlatma etməzlər. Ortaq hədəfləri Rəbbimizin rizasının ən çoxunu qazanmaqdır. Əxlaqları, mənəvi dərinlikləri, ixlasları onsuz da gözəldir; ancaq onlar yalnız gözəllə kifayətlənməz, daha yaxşısının, daha gözəlinin olması üçün səy göstərər və bir-birlərini də bu şəkildə istiqamətləndirərlər. Eləcə də, bir mömin hər hansı məsələ barədə özünə öyüd verildikdə, mütləq bu öyüdü verən insanın sözünə tam təslimiyyətlə əməl edərlər. Çünki möminlərin bütün diaqnozlarının və göstərdikləri bütün çıxış yollarının Qurana əsaslandığını və cənnətə daxil olması özünə fayda verəcəyini bilər.

Möminlərin bu mövzuda digər insanlara faydalı olmalarını təmin edən ən böyük faktorlardan biri də, başdan bəri söylədiyimiz kimi bir-birlərinin rizasını deyil, daim Allahın rizasını axtarmaları və haqqı açıq şəkildə söyləməkdən çəkinməmələridir. Bu, daha əvvəl ifadə etdiyimiz kimi, qarşılarındakı insanın nəfsinə uyğun olmayacaq bir mövzu da olsa belədir. Əhəmiyyətli olan söyləyəcəkləri şeyin o insana fayda verməsi, səhvini düzəltməsinə, Allaha yaxınlaşmasına vəsilə olmasıdır. Axirəti baxımından nə xeyirli isə onu çəkinmədən açıq sözlülüklə dilə gətirərlər. Lakin bununla yanaşı, bu açıq sözlülüyün arxasında olduqca incə düşüncəli, qarşısındakına hörmətli, sevgi və şəfqət dolu anlayış da yatır. Məsələn, bir insanın Qurana görə çatışmayan və ya səhv bir hərəkətini özünə bildirmədən əvvəl, necə söyləyəcəkləri təqdirdə onda daha çox təsir yarada biləcəklərini düşünərlər. İnsanın şövqünü artıran üslub işlətməyi, eləcə də, bununla yanaşı məsələnin əhəmiyyətini də vurğulamağı unutmazlar. Bir sözlə, qarşılarındakı insanı "sözün ən gözəli" ilə xəbərdar edə bilmək üçün əvvəlcədən düşünüb, hazırlıq görər və ona fayda verməyə çox böyük əhəmiyyət göstərərlər.

Şübhəsiz ki, belə bir həssaslığı və səmimi səyi; Allahın rizasını axtaran möminlərdən başqa heç kim göstərməz. Məsələn, cahil insanlar şəxsi mənfəətlərindən söhbət getmədiyi müddətcə əsla qarşılarındakı insanın hər hansı qüsurunu və çatışmazlığını düzəltməyə çalışmazlar. Digər insanların çatışmazlıqları, qüsurları, axirətdə bunlardan ötrü yaşayacaqları utanc və peşmançılıq hissləri onları qətiyyən maraqlandırmaz. Çünki onlar yalnız öz dünyəvi mənfəətlərinin arxasınca qaçırlar. Əgər hər hansı səbəbdən ötrü, birinə öyüd vermələri lazım gəlsə də, gözəl söz işlətmək üçün səy göstərməz; ağızlarına gəldiyi kimi danışaraq qarşı tərəfə sıxıntı verərlər. Amma çox vaxt heç kəsə qarışmamağı variantını seçərlər. Çünki bir insanı tənqid etmək, ona öyüd vermək, sahib olduğu yanlış xüsusiyyətindən imtina edib doğru olana uymasını söyləmək əslində çətin bir işdir, çünki qarşıdakı insanın göstərə biləcəyi  mənfi reaksiyaları gözə almaq lazımdır.

Möminlər, əvvəlki başlıqlar altında bildirdiyimiz kimi, hər cür çətinliyi gözə alaraq və heç bir mənfəət gözləmədən, özlərinə Quranda əmr edildiyi üçün yaxşı əmələr görməyi əmr edər, pis əməllər görməyi isə qadağan edərlər. Allah möminlərin bu xüsusiyyətini Quranda belə bildirmişdir:

Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz...
(Ali İmran surəsi, 110)

Bunun müqabilində Allah Qurana tabe olan insanlar üçün öyüd verməyi asanlaşdırmış və mömin qulları üçün bir nemətə çevirmişdir. Allah bir ayəsində Peyğəmbərimiz (s.ə.v)-ə, möminlərin öyüd vermə mövzusunda rahat olmalı olduqlarını və onsuz da Quranın bunun üçün endirildiyini bildirərək onları dəstəkləmişdir:     

Bu, möminlərə öyüd olaraq və insanları xəbərdar etməyin üçün sənə nazil edilən Kitabdır. Bundan ötrü qəlbin heç narahat olmasın. (Əraf surəsi, 2)

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar dosdoğru namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)

Bütün bu ayələri bilən möminlər heç bir mənfəət gözləmədən, yalnız Allahın rizasını qazanmaq üçün öyüd verdikləri kimi, özlərinə öyüd verən, onları haqqa dəvət edən müsəlmanlara da ən gözəl şəkildə cavab verərlər.

 

İnkarçılar gözəl sözə əməl etməzlər

İnkarçılar gözəl sözə, yəni Allaha və Onun haqq kitabı olan Qurana, elçilərin yoluna çağırıldıqları vaxt, bu çağırışa tabe olmazlar. Möminlərin Allaha iman edib, gözəl əxlaq göstərmələri üçün etdikləri çağırışlara; "siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün fərqi yoxdur" (Əraf surəsi, 193) ayəsində də bildirildiyi kimi, mənfi cavab verərlər. Özlərinə deyilən hər sözdə, edilən hər dəvətdə daim pis şey və pis niyyət axtararlar. Dəvət edən insanın bundan bir mənfəəti olduğunu düşünər, çox vaxt inkarlarına bəhanə olaraq da bunu göstərərlər.

Halbuki əvvəlki başlıq altında da üzərində dayandığımız kimi, gözəl sözə dəvət edən müsəlmanların bundan heç bir dünyəvi mənfəətləri yoxdur; onların yeganə məqsədi Allahın təbliğ əmrini yerinə yetirməkdir. Belə səmimi çağırışa mənfi cavab vermək yalnız insanın özünə zərər verəcək hərəkətdir. Amma inkarçılar bu həqiqəti qavraya bilməz, öz əbədi həyatlarından söhbət getdiyini dərk edə bilməzlər. Hətta özlərinə edilən çağırışları qəbul etməməklə xeyir qazandıqlarını düşünər və bundan ötrü sevinərlər. Amma bu, olduqca yanlış anlayışdır və sahibinə zərər gətirəcək. Bir ayədə özlərinə edilən xəbərdarlıqlara məhəl qoymayaraq, öz bildiklərini etməyə davam edənlərin aqibəti belə bildirilir:

Hər kəs doğru yol ona bəlli olduqdan sonra elçiyə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis yataqdır. (Nisa surəsi, 115)

Bəs niyə insanlar özlərini içində olduqları qaranlıq ruh halından qurtararaq dünyada və axirətdə gözəl həyatla yaşadacaq, səhvlərindən, çatışmazlıqlarından xilas edəcək, xeyirə və hamısından da əhəmiyyətlisi Allahın rizasına qovuşduracaq sözlərə iman gətirmirlər? Bununla əlaqədar bir çox səbəb söyləyə bilərik. Bu səsbəblərə əvvəla, Allah və axirət qorxularının olmaması, özlərini çatışmazlıqlardan, səhvlərdən uzaq görmələri, qürurları, verilən nəsihətlərin "...sənin özlərini çağırdığın şey, müşriklərə ağır gəldi..." (Şura surəsi, 13) ayəsində də bildirildiyi kimi, qürurlarına ağır gəlməsi və sair şeylər göstərilə bilər.

Sonrakı səhifələrdə inkarçıların Allaha çağırıldıqlarında niyə iman gətirmədiklərindən bir qədər də ətraflı bəhs edəcəyik.