Gözəl sözü eşitməməzliyə vuranlar

Əvvəlki səhifələrdə izah etdiyimiz kimi, möminlərin sözünə əməl etməyənlər arasında müxtəlif reaksiyalar göstərənlər, təcavüzkar üslub nümayiş etdirənlər, üz döndərənlər, kin və qəzəb hissinə qapılıb deyilənləri şiddətlə rədd edənlər olduğu kimi, bir də bütün öyüdləri eşitməməzliyə vurub heç bir reaksiya verməyənlər də var. Allah Quranda bu insanları da bizə tanıtmışdır. Bunlar ayənin ifadəsiylə; "...qəlbləri (hər cür) həssaslıqdan məhrum olanlardır..." (Həcc surəsi, 53). Möminlərin səmimi və hikmətli izahatları bu insanlar üzərində heç bir təsir yaratmaz. Heç bir reaksiya verməmələrinin səbəbini isə Allah Quranda belə bildirmişdir:

...Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

Onlardan səni dinləyənlər də vardır. Məgər karlara – əgər anlamırlarsa – sənmi eşitdirəcəksən? Onlardan sənə baxanlar da vardır. Məgər korları – əgər görmürlərsə – sənmi doğru yola yönəldəcəksən? Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunis surəsi, 42-44)

De: “Mən sizi ancaq vəhy ilə xəbərdar edib qorxuduram”. Karlar, xəbərdar edilsələr də, çağırışı eşitməzlər. (Ənbiya surəsi, 45)

Kənardan baxanda gözləri görən, qulaqları eşidən bu insanlar əslində Qurana görə bir mənada kor və kardırlar. Xüsusilə Allah; "çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur" (Həcc surəsi, 46) ayəsiylə bu insanların qəlblərinin mənəvi korluğundan bəhs edir. Bu, əslində din əxlaqını qəbul etməyən insanlara Allahdan verilmiş çox böyük bəladır. Qürurlanmalarına, inkarlarına qarşılıq olaraq Allah bu insanların ağıllarını və qavrama qabiliyyətlərini tamamilə əllərindən almışdır. Buna görə də, özlərinə izah edilənləri dinləmələrinə baxmayaraq, bunları qətiyyən dərk etməzlər. Allah inkarçıların bu hallarını digər bir ayədə belə bildirir:

Aralarında səni dinləyənlər də vardır. Lakin anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar hansı açıq-aydın ayəni görsələr , yenə ona inanmazlar... (Ənam surəsi, 25)

Bundan ötrü Allah ayələrində möminlərin, bu insanları gözəl əxlaqa çağırmalarının ölü bir insanı çağırmaqdan elə də fərqli olmadığını xəbər verir:

Sözsüz ki, sən nə ölülərə söz eşitdirə bilər, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən. Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən yalnız ayələrimizə inananlara söz eşitdirə bilərsən ki, bunlar da müsəlmanlardır. (Nəml surəsi, 80-81)

Bir insanın baxdığını görə bilməməsi, eşitdiyi və gördüyü şeyləri qavraya bilməməsi, bir sözlə, qəlb gözünün bağlı olması özlüyündə çox böyük qarşılıqdır. Ancaq inkarçılar içində olduqları bu vəziyyətin əleyhlərinə olduğunu qavraya bilməz və təcavüzkar, inkarda israr edən, eləcə də, eqoist üslublarını davam etdirərlər. Quranda doğru yola dəvət edilən bu insanların böyük qəflət içində təkəbbürlənməyə davam etdikləri belə xəbər verilmişdir:

Onlar deyirlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən işində ol, biz də öz işimizdə olacağıq!” (Fussilət surəsi, 5)

Özlərini necə bir aqibətin gözlədiyini dərk etmədən işlətdikləri bu sözlərindən də görüldüyü kimi, inkarçılar həqiqətən korluq və qəflət içindədirlər. Şübhəsiz ki, hər insan yuxarıdakı ayələrdə bildirilən insanlardan olmaqdan, onların vəziyyətinə düşməkdən ciddi mənada qorxub çəkinməlidir. Çünki bu vəziyyətə düşən insan böyük qavrayış çatışmazlığı içində yaşamağa davam edəcək. Allahın ayələrini dinləyib onlara tabe olmadığı üçün, nə Quran əxlaqını yaşaya, nə də Allahın əmr və tövsiyələrini yerinə yerinə biləcək. Edilən xatırlatmalardan, verilən öyüdlərdən üz döndərdiyi üçün də, inkar içində olarkən bir gün ölümlə qarşılaşacaq. İnkarçıların ölümlə qarşılaşma anlarındakı əzabları ayələrdə belə təsvir edilir:

Kaş sən inkarçıları mələklər onların canını alarkən üzünə və yanlarına vura-vura: “Dadın yandırıcı odun əzabını! deyərkən görəydin. Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”. (Ənfal surəsi, 50-51)

İnsanlar o günlə qarşılaşmadan əvvəl xatırlamalıdırlar ki, hesab günü ortaya atdıqları bəhanələr özlərini qurtara bilməyəcək. Çünki inkarda müqavimət göstərmələri, şeytanın yoluna uymaları və gözəl sözə əməl etməmələri öz seçimləridir. Yuxarıdakı ayədə də bildirildiyi kimi, Allah qullarına zülm edən deyil. Bu gerçək başqa ayələrdə də belə bildirilmişdir:

Biz heç bir ölkəni onu xəbərdar edən olmadan məhv etmədik. Onlara xatırlatmalar edilmişdir. Biz zülmkar deyilik! (Şuəra surəsi, 208-209)