İnkarçılar gözəl sözə pis sözlə cavab verərlər

Onlar dedilər: “Yəqin ki, biz sizdən ötrü uğursuzluğa düçar olduq. Əgər (söylədiklərinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”. Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd verildiyinə görə mi uğursuzluğa düçar oldunuz? Doğrusu, siz həddi aşmış bir qövmsünüz”. (Yasin surəsi, 18-19)

Yuxarıdakı ayələrdə özlərinə xəbərdar edib qorxutmaq üçün elçilər göndərilən bir şəhər camaatının özlərinə verilən öyüdlərə qarşı göstərdikləri xoşagəlməz reaksiya xəbər verilir. Bu nümunədə görüldüyü kimi inkarçılar, özlərini gözəl sözlə haqq dinə dəvət edən möminləri açıq şəkildə təhdid edirlər və bu təhdidlərinin tək səbəbi, möminlərin özlərini Allaha və Onun dininə dəvət etmələridir. Bundan ötrü böyük kin və qəzəb hissinə qapılarlar. Belə ki, bu kin və qəzəbləri bəzən baxışlarında da əks olunar. Allah Quranda inkarçıların bu hallarını belə xəbər verir:

Həqiqətən, inkarçılar Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirəcəkdilər. Onlar çarəsizlikdən: “O, dəlidir!” deyirlər. Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir. (Qələm surəsi, 51-52)

Allahın yuxarıdakı ayələrdə də bildirdiyi kimi, inkarçılar, sırf özlərini haqqa çağırdıqları, axirəti və haqq-hesab gününü xatırlatdıqları üçün Allahın elçilərinə bu qədər kin bəsləyərlər. Halbuki bu və bənzəri reaksiyalar ancaq onların haqq qarşısındakı acizliklərinin və çarəsizliklərinin bir göstəricisidir. Haqqa qarşı gətirə biləcəkləri heç bir açıqlama olmadığı üçün, həm bu cür üsullarla möminləri susdurmağa, həm də həqiqətləri görməzlikdən və anlamazlıqdan gəlməyə çalışarlar. Bu reaksiyalar iman edənlərə qətiyyən təsir etməz, Allahın özlərinə əmr etdiyi şəkildə, eyni gözəl üslubla dini təbliğ etməyə davam edərlər.
Quranda hz. İbrahim (ə.s)-ın, atasını Allaha qulluq etməyə çağırması və atasının bu çağırışa tabe olmaq əvəzinə verdiyi reaksiya hər iki tərəfin üslubu arasındakı ziddiyyəti əks etdirməsi baxımından mühüm nümunədir:

Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”. Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”. (Məryəm surəsi, 42-48)

Hz. İbrahim (ə.s) kimi üstün əxlaqlı, Allahın Quranda həlim xasiyyətli olaraq qeyd etdiyi seçilmiş bir peyğəmbərə qarşı, öz atasının bu qədər düşməncəsinə bir reaksiya verməyinin tək səbəbi var: Hz. İbrahim (ə.s)-ın onu vahid olan Allaha qulluq etməyə çağırması, yəni gözəl sözə dəvət etməsidir... hz. İbrahim (ə.s) bunu edərkən atasına qarşı olduqca hörmətli davranmış və gözəl xitablar işlətmişdir, lakin bunun müqabilində atası ona qəzəb dolu cavablarla qarşılıq vermişdir. Lakin buna baxmayaraq, hz. İbrahim (ə.s)-ın üslubu heç dəyişməmiş, Allahın əmr etdiyi şəkildə cahillik edən atasından gözəl şəkildə ayrılmışdır.